saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

2011 yaz modası

ÇapE-poçt

Artıq yaz fəslinə qədəm qoymağımıza sayılı günlər qalıb və bu münasibətlə dünyanın məşhur modelyerləri 2011-ci ilin yaz fəsli üçün dəb proqnozunu verib, geyim kolleksiyalarını nümaiş etdiriblər. Modelyerlərin proqnozları əsasında yaz mövsümünün dəbi və yenilikləri barədə məlumatları təqdim edirik.

Mövsümün imici: “vampir qadın”

Bu ilki yaz fəslinin dəbi sözün əsl mənasında diqqət çəkəcək, cəzb edəcək, ehtiras yaradacaq, tora salacaq, qorxu bəxş edəcək və hətta ətrafdan qan qoxusunun gəlməyi belə gözlənilir...
Bəs nə üçün bu baharın modası insanlara qorxu və vahimə hissləri bəxş edəcək?

Çünki, bu bahar dəbinin devizi “vampir üslubu”dur.

Hansı geyimlər dəbdədir?

Əziz xanımlar, əgər bu yaz modanın qanunlarına əməl etsəniz, geyinəcəyiniz geyimlərlə insanlarda, xüsusilə də kişilərdə təlatüm yaradacaqsınız... Təbii ki bu, xoş, ehtiraslı hisslər aşılayacaq. Çünki, bu yaz qadın geyimlərində ekstra mini paltarlar, dəridən olan və parlaq lasinlər, bir qollu geyimlər, çiyinli pencəklər, çox dar paltarlar, ayaqlarınızı uzun göstərən dar şalvarlar dəbdədir. Fəslin dəbi ayaqların önə çıxarılmasını və çox qısa, cəlbedici geyimləri qarderobunuzda tələb edəcək.

Bu yaz çox qısa paltarlar fəslin geyim favoritidir və qadınlar şalvar geyinməyə bir o qədər üstünlük verməyəcək. Bir qollu köynəklər və paltarlar modaya yeni nəfəs gətirəcək. Xüsusən də kürək dekolteləri cazibədarlıq  simvolu sayılacaq. Bu yaz kürəyi açıq və ya tül ilə bəzədilmiş paltarlar və köynəklər çox dəbdə olacaq. Bunlardan başqa, şortlar və qısa yubkalar dəb aləmində öz izini qoyacaq. Köynəklərdən isə sinəsi açıq, qısaqol və gecə köynəyini xatırladan seksual biçimli köynəklər favorit sayılacaq.

Bu yaz ən cəlbedici və diqqət mərkəzində müxtəlif biçimli qısa yubkalar olacaq. Əsasən sadə biçimli, büzməli, kəmər hissəsi lentli və bantlı, saçaqlı, valanlı və parça ilə yanaşı üzərində tül parçalardan bəzəklər olan yubkalara üstünlük veriləcək.

Cinslərə əlvida

Qarderobunuzdakı cinsləri isə vampirlərin gecələr yandırdığı ocağa atıb yandıra bilərsiniz... çünki, cins geyinənlərə ümumiyyətlə rast gəlinməyəcək. Cinslər bu il dəblə vidalaşdı və yaxın üç il ərzində cins parçadan tikilən istər şalvarların, istər digər geyim növlərinin dəbə qayıdacağı gözlənilmir.

Ayaqqabılar: dabanlar yenə hündürə qalxır...

Bu yazın ayaqqabı dəbində isə çox hündür dabanlı və platformalı ayaqqabılar dəbdə olacaq. 2011-ci ilin dəbi çox sadə formalarda proqnoz verilsə də, bu yaz çox mürəkkəbləşəcək. Çünki, bu yaz sadə ayaqqabılar dəbdən geri qalmış hesab olunacaq. Üstü işləməli, bəzəkli, aksesuarlı, xüsusi bəzədilmiş dabanlı ayaqqabılar bu yaz çox dəbdədir.

Əl çantaları kiçilir

Çantalarda isə əsasən, kiçik və hətta portmanat funksiyalı çanta modelləri yazın dəbi sayılacaq. Bu yaz çantalar əsasən, öz orijinallığı ilə diqqəti cəlb edəcək. Amma bir şeyi heç vaxt unutmayın: əgər əvvəlki illərdə ayaqqabı, çanta və kəmərin eyni rəngdə olması dəbdə idisə və bu uyğunluq pozulanda birmənalı qarşılanmırdısa, artıq 2011-ci ildən etibarən bu dəstlik təmamilə əksinədir. İndiki yazın  dəb qaydalarına görə, ayaqqabı ilə çantanın eyni rəngdə olmağı demode sayılacaq. Odur ki, ayaqqabı və çanta seçimi edərkən eyni rəngdə deyil, bir-birinə uyğun, amma fərqli rənglərdə olan modellər arasında seçim etmək lazımdır.

2011-ci ilin yaz dəbində kəmərlər haqqında məlumat vermək istəmirik. Çünki bu il kəmərlərdən ümumiyyətlə istifadə olunmayacaq. Çünki, istər şalvarlar, istər yubkalar, istər paltarlar bədənə tam kip şəkildə oturacağı üçün kəmərlərdən istifadəyə ehtiyac olmayacaq.

İlin rəngləri hansılardır?

2011-ci il bahar fəslinin ən dəbli rəngləri təbiətdə mövcud olmayan rənglərdir. Qanı xatırlandan qırmızı və şər qüvvələrin havadarı olan qara rəng favorit rənglərdir. İkinci dərəcəli dəbdə olan rənglər isə gecənin qaranlığını xatırladan tünd göy və insan cəsədini rəngini xatırladan krem rəngidir.
Parlaqlıq, ecaskar göz makiajı, vampir stilli dağınıq, şişmiş saçlar, qan içmiş vampir təəssüratı yaradan qırmızı dodaqlar, “yırtıcı caynağı”na bənzər uzun dırnaqlar və üz dərisində isə cəsədə çevrilmiş bədən dərisi, yəni ki, açıq və ağ rəngdə olan üz dəriləri bu fəslin dəbidir.

Makiyajda artıq bir neçə il idi ki, gözlər vurğulanır və simada diqqətçəkən formaya gətirilirdi. Amma bu yaz son illərin makiyaj adət-ənənəsinə son qoyulacaq və üzün bəzənməsində əsasən, dodaqları vurğulamaq dəbdə olacaq. Açıq rəngli kirşanlar, qara göz qələmləri və qırmızı rəngli dodaq boyası fəslin dəbli makiajının əsasını təşkil edəcək. Göz kölgələrindən isə bu il demək olar ki, istifadə edilməyəcək.

Dırnaqlar əsasən, qırmızı və qara rənglərə boyanacaq və elə də uzun olmayacaq, çünki uzun dırnaqlar artıq bir müddətlik dəblə vidalaşıb.

Mövsümün saç düzümləri

Bu yazda saç düzümləri də “vampir” ampulasında olacaq və nisbətən dalğalı saçlar fəslin dəbi sayılacaq. Dəbdə sayılan saç uzunluğu isə qısa və uzundur. Bir çox xanımlar üçün kompleks yaradan düz saçlar bu yaz dəbdən uzaqlaşdı və dalğalı, şişkin, dağınıq və hətta daranmamış saçlar fəslin ən dəbli saç düzümləri sayılacaq.
Bu yaz dəbdə olacaq saç rənglərini isə əsasən, tünd rənglər təşkil edir. Xüsusilə də qara bu ilin ən cəlbedici saç rəngi sayılacaq.

Aksesuarlardan isə əsasən qızıl təəssüratı yaradan, gözəgəlimli və zövqlə seçilmiş bjuteriyalar fəslin ən dəbli aksesuarları sayılacaq. Xüsusən də gözəgəlimli iri sırğalar və üzüklər bu fəslin seçilən aksesuarlarıdır. Amma ölçüsü böyük aksesuarlar dəbli sayılacağı üçün bayağı görsənməməyə xüsusi diqqət yetirmək lazımdır. Çünki, eyni geyim üzərində çox aksesuarlardan istifadə etmək, xüsusən də iri ölçülü aksesuarlardan taxmaq xanımlarımızı bayağı göstərib gözdən sala bilər.

 

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check