saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

SEVGİ AÇARI

ÇapE-poçt

 

Hər yolun öz sonu var, hər evin öz açarı.
Ayrılığa dözməyi hərə bir cür bacarır. 
Çoxdu hirsi, acığı yarı yolda sönənlər.
Bir vaxt çırpıb çıxdığı qapılara dönənlər
Səhər-səhər, obaşdan qapıları döyənlər.
Pıçıltıyla yavaşdan:- Aç, gəlmişəm, - deyənlər.
Sonra açılan qapı 
və qapıda dayanan bir köynəksiz, yad kişi.
Və onun arxasından qorxa-qorxa boylanan
Bir vaxt hər kirpiyini sevə-sevə öpdüyün 
bir cüt gözün təşvişi. ...
Yox, köhnə sevgilərə qayıtmaq dəlilikdi.
Yatan evi yuxudan oyatmaq dəlilikdi. 
Çoxdandı ki, bu evdə yoxdu səni gözləyən.
Şəklini tumarlayıb körpətək əzizləyən. 
Şəklin çoxdan cırılıb, verilibdi yellərə.
Burda hər şey yaddı, yad; 
kar qapı, kor pəncərə. 
Girsən, səni tanımaz bu evin bir güzgüsü.
Bu evdə gəzən indi özgəsidi, özgəsi. 
Daha burda dayanıb-durmağa nə ehtiyac?
Bu qapıdan başını birdəfəlik götür qaç.
“Hər yolun öz sonu var”, - axı kim deyib bunu?
Kim nə bilir hardadı, yolun əvvəli, sonu? 
Bütün yollar qarışıb, əriyib bir-birində.
Əvvəli, sonu yoxdu bütün sevgilərin də.
Neçə ürəyə düşür bir sevginin açarı.
Bir qapı bağlanırsa, başqa qapı açılır. 
İndi səni gözləyən bir qapı var hardasa; 
görmədiyin bir evin sənə həsrət qapısı.
Orda bir qız darıxır, - səni tanımasa da, 
səni sevməkdən ötrü tanrı seçib o qızı. 
Ömründə görmədiyin o ev sənin evindi.

Get, o evdə yolunu gözləyəni sevindir.


Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check