Azərbaycanın idman tarixi.
"Kitabi-Dədə Qorqud" dastanlarında adı çəkilən idman yarışlarına başqa mənbələrdə rast gəlmək olur. XI əsr Azərbaycan şairi Xaqani Şirvaninin əsərlərində də çövkən, at çapmaq, şahmat, qılıncoynatma və s. oyunlardan danışılır.
Qədim türkdilli xalqlar ömürlərinin böyük hissəsini at belində keçirmişlər. Oğuzlar atın tərkində ova çıxır, özlərinə azuqə toplalayır, ticarət edir, yürüşlərə gedirdilər.
Onlar atın tərkində anadan olur, döyüşür, yeyib-içir, ölürdülər. Bu xalq atın tərkində tarix yaradır, mədəniyyət qurur, əylənir, müxtəlif yarışlar keçirirdi. Tarixçilər hunlar arasında bir çox idman yarışlarının at üstündə keçirilməsindən çox yazmışlar. Cıdır yarışları, at üstündə güləşmə, qılıncsallama, yambaqapma, çovqan buzqaşı kimi idman yarışları türkdilli xalqlar arasında geniş yayılmışdı. Mənbələrdə göstərilir ki, sonralar çinlilər çox sevdikləri at yarışlarını türklərdən və monqollardan görüb-götürmüşdülər.
Komanda oyun növü olan çovqan yarışları eramızın birinci minilliyinin ortalarında formalaşmış, yüzillər ərzində Azəbaycanda, Orta Asiyada, İranda, Türkiyədə, İraqda və qonşu ölkələrdə məşhur olmuşdur. Mənbələr XII əsrdə İslam dünyasının mədəni mərkəzlərindən Bağdadda Orta Şərq ölkələrinin atçaparları arasında tarixdə ilk beynəlxalq çovqan yarışlarının keçirildiyi göstərir. Çovqan yarışlarının Azərbaycanda çox qədimdən məşhur olduğu faktlarla təsdiqlənir. Örənqalada aparılmış arxeoloji qazıntılar zamanı tapılan şirli qab üzərində çövkən oyunun təsvir edildiyi rəsm bu oyunun IX əsrdə Beyləqan şəhərində yayıldığını əyani sübut edir. Dahi Nizaminin Xosrov və Şirin əsərindən və "Kitabi-Dədə Qorqud" boylarından isə məlum olur ki, Azərbaycanda çovqanın tarixi hətta VI-VII əsrlərə və bəlkə ondan da qabaqlara gedib çıxır.
Çovqanın qədim Azərbaycan oyunu olmasını sübut edən faktlardan biri də Azərbaycan miniatürlərində bu oyunun dönə-dönə təsvir edilməsi, yazılı mənbələrdə onun keçirilmə qaydaları haqqında məlumat verilməsidir. Çovqan oyunu da, Şərqdə təşəkkül tapmış başqa idman növləri kimi, dünyanın daha uzaq regionlarına yayılmasında və inkişaf etdirilməsində inglislərin rolu böyük olmuşdur. Belə ki, XIX əsrdə Hindistandan İngiltərəyə gətirilən bu oyun getdikcə inkişaf etdirilmiş, yeni qaydalar əsasında Amerika və Avropa ölkələrində yayılmağa başlamışdır.
Məhz ingilislərin təşəbbüsü ilə bu oyun "polo" adı altında ilk dəfə 1900-cü ildə Parisdə keçirilən II Olimpiya Oyunlarının proqramına daxil edilmiş, beləliklə, Qərb sivilizasiyasında bu ad təsbit edilmişdir. Parisdə üç ölkənin 5 polo komandası iştirak etmişdir.
Orta əsrlərdə Azərbaycan dünyada öz qüdrəti və əzəməti ilə seçilən islam aləmində mədəni inkişafı, elmi potensialı baxımından ən qabaqcıl dövlətlərdən biri idi. Ölkədə fəlsəfə, təbabət, astronomiya, riyaziyyat kimi elmlər, musiqi, ədəbiyyat, təsviri incəsənətlə yanaşı, idmanın intellektual növü olan şahmat da geniş yayılmışdı. Azərbaycan şahlarının saraylarında şahmat sevimli məşğuliyyətə çevrilmişdi. Azərbaycanda şahmat oynayanların cərgəsində qadınlar da az deyildi.
XII əsrdə yaşamış Azərbaycanın görkəmli şairəsi Məhsəti Gəncəvi həm də yaxşı şahmat oynamışdır. Onun müasirlərinin əsərlərində bu fakt, yəni Məhsəti xanımın mahir şahmatçı olması haqqında məlumatlar vardır. Məhsəti Gəncəvinin şahmat partiyalarının yazıları bizim dövrə qədər gəlib çatmışdır. Azərbaycanda qadınların şahmat oynaması bir ənənə kimi davam etmişdir. XIX əsrdə Fransa yazıçısı Aleksandr Düma Azərbaycanda olarkən Qarabağ xanının qızı, məşhur Azərbaycan şairi Xurşudbanu Natəvanla şahmat oynamış, Natəvanın gözəl oyunundan heyran olmuşdur.
Azərbaycan idmanının tarixi ilə bağlı fikirləri ümumiləşdirib belə bir nəticəyə gəlmək olur ki, ölkədə idman çox qədim bir tarixə malik olmuşdur. Arxeoloci qazıntılar zamanı tapılmış maddi mədəniyyət, və qədim yazılı abidələrə, təsviri sənət əsərlərinə, ədəbi-tarixi mənbələrə, folklor, eləcə də orta əsr bədii yaradıcılıq nümunələrinə istinadla demək olar ki, qədim Azərbaycanda güləş, oxatma, qılıncoynatma, nizə atma, atçapma, Çovqan, Sürpapaq, Baharbənd, daşqaldırma, miloynatma, şahmat və sair idman oyunları geniş yayılmışdır. Ölkədə tarixən mövcud olan bu idman ənənəsi müxtəlif növlərdə qorunub saxlanmış, müasir dövrədək gəlib çatmışdır.
< Əvvəlki | Növbəti > |
---|
06.02.13 13:39 ərzində olan dəyişikliklər 02.02.13 12:09