saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Azərbaycanın idman tarixi.

ÇapE-poçt

AZƏRBAYCANIN İDMAN TARİXİ

Qədim insan təbii təkamül prosesi keçərək inkişaf etmişdir. Şübəhsiz belə bir prosesdə insanın fiziki gücü, cəldliyi, reaksiya qabiliyyəti,sağlamlığıolduqca böyük əhəmiyyət kəsb etmişdir. Yalnız bu keyfiyyətlərə malik insanlar təbii seçmənin süzgəcindən keçə bilmişlər.İnsan yaşamaq naminə vəhşi heyvanlarla vuruşmuş, sürətli qaçışı, eləcə də fiziki qüvvəsi hesabına təhlükədən xilas ola bilmişdir. Belə bir cəhət hər bir insanın özünün fiziki kamilliyinin qayğısına qalması tələbini ortaya atmışdır. Zaman ötdükcə insanlar öz aralarında fiziki və əqli qabiliyyətlərini sınamaq məcburiyyətində də qalmışlar. Məhz fiziki sınaqlardan keçən adamlar tayfa və qəbiləyə rəhbərlik etmək hüququ qazanmışlar. Beləcə insanlar arasında öz fiziki keyfiyyətlərini mübarizədə sınamaq tələbi də meydana çıxmışdır. Cəmiyyət inkişaf etdikcə bu sınağın, mübarizənin forma və üsulları dəyişmiş, müxtəlif növləri meydana çıxmışdır. Bəşər mədəniyyətinin ən böyük nailiyyətlərindən biri olan idmanın yaranmasının əsasında belə mübarizə formaları durur. İdman müxtəlif hərəkət kompleksləri üzrə yarışlar və hazırlıq məşqləri keçirilməsi sistemi kimi böyük təkamül prosesini yaşamışdır. İnsanların yerinə yetirdikləri fiziki hərəkətləri və əmək vərdişləri üzrə sınaqlarını, döyüş və mübarizə növlərini, məsələn, güləş, qaçış, tullanma, ağırlıqqaldırma, üzmək, avar çəkmək, ox atmaq, qılınc oynatmaq, nizə tullamaq və sairəni ilk idman növləri kimi qəbul etmək olar. Heç şübhə yoxdur ki, bütün xalqlarda bu cür idman növləri olmuşdur. Bu növlərdən hər hansı biri üzrə ilk idman yarışının birinci dəfə harada, nə vaxt keçirilməsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Arxeoloji tapıntılar əsasında onu demək mümkündür ki, atletlərin ilk yarışı güləş üzrə olmuşdur. Onun haqqında ən qədim məlumat b.e.ə. XXVII-XXVI əsrlərə təsadüf edir. B.e.ə. VIII əsrə aid edilən "Gilqamış" dastanında b.e.ə. üçüncü minilliyə aid olan Şümer abidələrinə istinadla güləş üzrə yarış haqqında məlumat verilir. Güləş Azərbaycanda da qədim dövrlərdən yayılmış ənənəvi idman növü olmuşdur. Azərbaycan xalqının dastan və nağıllarında, yazılı abidələrində güləş yarışlarından çox bəhs olunur. Tariximizin qədim yazılı abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanlarında güləşlə yanaşı başqa təkbətək mübarizə növlərindən də geniş bəhs olunur. Bu mübarizələrin çox vaxt yarış məqsədi daşıması açıq-aşkar qeyd olunur. Nağıl və dastanlarda igidlər aslan, buğa, dəvə ilə güclərini sınayır, bir-biri ilə qurşaq tutub güləşirlər. Zaman keçdikcə güləş inkişaf etmiş, ona münasibət, onun keçirilmə qaydaları dəyişmiş, belə qarşılaşmalar xüsusi yerlərdə keçirilmişdir. Azərbaycanda qədim tarixə malik idman növü olan güləş yarışları da sonralar xüsusi yerlərdə - zorxanalarda keçirilmişdir.Oğuz elinin igidləri, o cümlədən qızları da at çapmaqda, qılınc oynatmaqda, ox atmaqda mahir olmuşlar. Bu diyarda oğlanlara döyüşdə, təkbətək mübarizədə qalib gəlməyincə, igidlik göstərməyincə ad verməzmişlər. "Kitabi-Dədə Qorqud" dastanlarının əsas qəhrəmanlarından biri Bamsı Beyrəklə Banıçiçək at çapmaq, ox atmaq və qurşaq tutub güləşməkdə güclərini sınadıqdan sonra bir-birlərinə könül verirlər. 
"Kitabi-Dədə Qorqud" dastanlarında adı çəkilən idman yarışlarına başqa mənbələrdə rast gəlmək olur. XI əsr Azərbaycan şairi Xaqani Şirvaninin əsərlərində də çövkən, at çapmaq, şahmat, qılıncoynatma və s. oyunlardan danışılır. 
Qədim türkdilli xalqlar ömürlərinin böyük hissəsini at belində keçirmişlər. Oğuzlar atın tərkində ova çıxır, özlərinə azuqə toplalayır, ticarət edir, yürüşlərə gedirdilər.
Onlar atın tərkində anadan olur, döyüşür, yeyib-içir, ölürdülər. Bu xalq atın tərkində tarix yaradır, mədəniyyət qurur, əylənir, müxtəlif yarışlar keçirirdi. Tarixçilər hunlar arasında bir çox idman yarışlarının at üstündə keçirilməsindən çox yazmışlar. Cıdır yarışları, at üstündə güləşmə, qılıncsallama, yambaqapma, çovqan buzqaşı kimi idman yarışları türkdilli xalqlar arasında geniş yayılmışdı. Mənbələrdə göstərilir ki, sonralar çinlilər çox sevdikləri at yarışlarını türklərdən və monqollardan görüb-götürmüşdülər.
Komanda oyun növü olan çovqan yarışları eramızın birinci minilliyinin ortalarında formalaşmış, yüzillər ərzində Azəbaycanda, Orta Asiyada, İranda, Türkiyədə, İraqda və qonşu ölkələrdə məşhur olmuşdur. Mənbələr XII əsrdə İslam dünyasının mədəni mərkəzlərindən Bağdadda Orta Şərq ölkələrinin atçaparları arasında tarixdə ilk beynəlxalq çovqan yarışlarının keçirildiyi göstərir. Çovqan yarışlarının Azərbaycanda çox qədimdən məşhur olduğu faktlarla təsdiqlənir. Örənqalada aparılmış arxeoloji qazıntılar zamanı tapılan şirli qab üzərində çövkən oyunun təsvir edildiyi rəsm bu oyunun IX əsrdə Beyləqan şəhərində yayıldığını əyani sübut edir. Dahi Nizaminin Xosrov və Şirin əsərindən və "Kitabi-Dədə Qorqud" boylarından isə məlum olur ki, Azərbaycanda çovqanın tarixi hətta VI-VII əsrlərə və bəlkə ondan da qabaqlara gedib çıxır.
Çovqanın qədim Azərbaycan oyunu olmasını sübut edən faktlardan biri də Azərbaycan miniatürlərində bu oyunun dönə-dönə təsvir edilməsi, yazılı mənbələrdə onun keçirilmə qaydaları haqqında məlumat verilməsidir. Çovqan oyunu da, Şərqdə təşəkkül tapmış başqa idman növləri kimi, dünyanın daha uzaq regionlarına yayılmasında və inkişaf etdirilməsində inglislərin rolu böyük olmuşdur. Belə ki, XIX əsrdə Hindistandan İngiltərəyə gətirilən bu oyun getdikcə inkişaf etdirilmiş, yeni qaydalar əsasında Amerika və Avropa ölkələrində yayılmağa başlamışdır. 
Məhz ingilislərin təşəbbüsü ilə bu oyun "polo" adı altında ilk dəfə 1900-cü ildə Parisdə keçirilən II Olimpiya Oyunlarının proqramına daxil edilmiş, beləliklə, Qərb sivilizasiyasında bu ad təsbit edilmişdir. Parisdə üç ölkənin 5 polo komandası iştirak etmişdir. 
Orta əsrlərdə Azərbaycan dünyada öz qüdrəti və əzəməti ilə seçilən islam aləmində mədəni inkişafı, elmi potensialı baxımından ən qabaqcıl dövlətlərdən biri idi. Ölkədə fəlsəfə, təbabət, astronomiya, riyaziyyat kimi elmlər, musiqi, ədəbiyyat, təsviri incəsənətlə yanaşı, idmanın intellektual növü olan şahmat da geniş yayılmışdı. Azərbaycan şahlarının saraylarında şahmat sevimli məşğuliyyətə çevrilmişdi. Azərbaycanda şahmat oynayanların cərgəsində qadınlar da az deyildi. 
XII əsrdə yaşamış Azərbaycanın görkəmli şairəsi Məhsəti Gəncəvi həm də yaxşı şahmat oynamışdır. Onun müasirlərinin əsərlərində bu fakt, yəni Məhsəti xanımın mahir şahmatçı olması haqqında məlumatlar vardır. Məhsəti Gəncəvinin şahmat partiyalarının yazıları bizim dövrə qədər gəlib çatmışdır. Azərbaycanda qadınların şahmat oynaması bir ənənə kimi davam etmişdir. XIX əsrdə Fransa yazıçısı Aleksandr Düma Azərbaycanda olarkən Qarabağ xanının qızı, məşhur Azərbaycan şairi Xurşudbanu Natəvanla şahmat oynamış, Natəvanın gözəl oyunundan heyran olmuşdur. 
Azərbaycan idmanının tarixi ilə bağlı fikirləri ümumiləşdirib belə bir nəticəyə gəlmək olur ki, ölkədə idman çox qədim bir tarixə malik olmuşdur. Arxeoloci qazıntılar zamanı tapılmış maddi mədəniyyət, və qədim yazılı abidələrə, təsviri sənət əsərlərinə, ədəbi-tarixi mənbələrə, folklor, eləcə də orta əsr bədii yaradıcılıq nümunələrinə istinadla demək olar ki, qədim Azərbaycanda güləş, oxatma, qılıncoynatma, nizə atma, atçapma, Çovqan, Sürpapaq, Baharbənd, daşqaldırma, miloynatma, şahmat və sair idman oyunları geniş yayılmışdır. Ölkədə tarixən mövcud olan bu idman ənənəsi müxtəlif növlərdə qorunub saxlanmış, müasir dövrədək gəlib çatmışdır.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check