saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Sağlam dişlərin təbii mualicəsi

ÇapE-poçt

Həzm, bütün mədə-bağırsaq sistemi ağız və dişlərin sağlamlığı ilə birbaşa əlaqəlidir. Hətta, bir dişin olmaması belə həzm sisteminə mənfi təsir göstərir. Xarici mühitə açıq olduğuna və qida ilə təmasda olduğuna görə ağıziçi mikroorqanizmlərin böyüməsi üçün çox əlverişli bir mühitdir. Buna görə də, ağız və diş qulluğunun müntəzəm və nizamlı şəkildə aparılması çox vacibdir. Belə olmadığı təqdirdə toxumalarda və dişlərdə xəstəliklər yaranar və bu da ciddi sağlamlıq problemlərinə gətirib çıxarar. Sağlamlıqdan əlavə isə ağız və dişlər xoşagəlməz görünüşə malik olar. Bu isə sosial, psixoloji və fizioloji cəhətdən fərdin həyat keyfiyyətinə mənfi təsir göstərər. Buna görə də, sağlam dişlərə sahib olmaq üçün uşaqlıqdan dişlərə qulluq etmək lazımdır. Cəmiyyətdə isə "süd dişləri müəyyən vaxtdan sonra çürüyür və buna görə də, onların qulluğa ehtiyacı yoxdur" kimi yanlış bir fikir var. Halbuki uşaqlıq dövründə (xüsusilə də, süd dişlərinin olduğu vaxt) ağız və diş qulluğuna kifayət qədər diqqət yetirilməməsi, süd dişlərinin çürüməsinə və vaxtından əvvəl tökülməsinə səbəb olur. Bu da qalıcı dişlərin sağlamlığına mənfi təsir göstərir. Buna görə də, valideynlər uşaqlıqdan övladlarına diş yuma vərdişini aşılamalıdırlar.Mütəxəssislərin sözlərinə görə, ağızdakı bakteriyalar 12 saatdan bir çoxaldığından dişlər gün ərzində 2 dəfə fırçalanmalı, yeməkdən sonra isə mütləq şəkildə antiseptik ağız yaxalayıcıları ilə qarqara edilməlidir. Belə olan halda qida qalıqları dişlərə ilişib qalmır. Bununla yanaşı, yediyimiz qidalara da diqqət yetirmək lazımdır. Qoz-fındıq kimi çərəzləri dişlə sındırmaq olmaz. Çünki bu, dişlərə zərər verə bilər. Tərkibi kalsium və C vitamini ilə zəngin olan meyvə-tərəvəz yemək lazımdır. Meyvə və tərəvəz yeməmək, siqaret çəkmək, şəkərli qidalara və içkilərə üstünlük vermək ürək-damar xəstəliklərinə, böyrək və qaraciyər problemlərinə səbəb olduğu kimi, ağız sağlamlığına da mənfi təsir göstərir. Meyvə və tərəvəzdəki vitaminlər diş və diş ətləri üçün çox vacibdir. Xüsusilə, rəngli meyvə və tərəvəz istehlakını artıraraq, dişlərin təbii sağlamlığını və təmizliyini təmin edə bilərsiniz. Çiyələk və ananas diş və diş ətinə faydalıdır. İçindəki müxtəlif turşular dişlərin təmizliyini təmin edir və kariesin əmələ gəlməsini azaldır. C vitamini çatışmazlığı isə diş ətini zəiflədir. C vitamini ilə zəngin olan kivi istehlakı bu problemin qarşısını alır. Bundan əlavə, portağal, qovun, qırmızı bibər, brokkoli, ispanaq kimi yaşıl və rəngli tərəvəzlər də C vitamini ilə zəngindir. Eyni zamanda qəhvə istehlakı dişlərin saralmasına şərait yaradır. Ona görə də, qəhvə istehlakını minimuma endirməkdə fayda var.Ən vacib şərtlərdən biri də diş fırçalama qaydalarıdır. Dişləri fırçalayarkən ən xırda məqamlara diqqət yetirmək lazımdır. Belə ki, hər şeydən əvvəl diş fırçanızı düzgün seçməlisiniz. Bu, nə çox sərt, nə də çox yumşaq olmalıdır. Çox sərt fırçalar dişləri zədələyə bilər. Bəzi insanlar düşünürlər ki, dişləri sərt fırçalasaq, daha yaxşı təmizlənər. Lakin, bu, yanlış düşüncədir. Əksinə, bu vaxt dişin mina qatı zədələnə və altdakı sarı təbəqə üzə çıxa bilər. Belə olan halda isə dişlər daha da sarı görünə bilər. Ümumiyyətlə, mütəxəssislər dişləri iki dəqiqə ərzində və ehtiyatla fırçalamağı məsləhət görürlər. Dişlərinizi dairəvi şəkildə fırçalayaraq bütün hissələrinin, xüsusilə də arxa dişlərin təmizləndiyindən əmin olmalısınız. Dişləri təmizlədikdən sonra diş fırçanızı açıq şəkildə qoymaq məsləhət deyil. Bu vaxt gün ərzində bakteriyalar fırça ilə təmasa girə və fırçanın diblərinə çökə bilər. 3 aydan bir diş fırçasını dəyişmək, 6 aydan bir isə həkim müayinəsindən keçmək məsləhət görülür.Əksər insanlar dişlərin daha ağ olması üçün sodadan istifadə edirlər. Bu da yanlış addımdır. Soda diş minasını zədələyir və onların parlaqlığının itməsinə səbəb olur. Diş fırçası ilə yanaşı, diş ipləri də ağız təmizliyində faydalıdır. Diş ipləri dişlər arasında qalan qida qalıqlarını asanlıqla təmizləyir. Belə ki, dişləri sıx olan insanlar gecə yatmazdan əvvəl diş iplərindən istifadə edə bilərlər. Dişlərin düzgün təmizlənməməsi diş daşları və kariesin yaranmasına gətirib çıxarır. Diş daşları yaranan zaman o qədər də ağrı vermədikləri üçün insanlar buna ötəri yanaşırlar, hətta, deyə bilərik ki, fikir vermirlər. Halbuki, diş daşları qida qalıqlarnın təmizlənməməsi nəticəsində əmələ gəlir. Bu da diş diblərinə sarımtıl görünüş verir. Diş daşlarını evdə müxtəlif üsullarla təmizləmək məsləhət deyil, bunun üçün öz həkiminizə müraciət etməlisiniz. Stomatoloq tərəfindən xüsusi qaydada təmizlənən diş daşlarının heç bir zərəri olmur. Diş daşlarından başqa, düzgün qulluq edilmədikdə dişlərdə karies əmələ gəlir. Karies diş toxumalarında qüsurların əmələ gəlməsi ilə müşayiət olunan stomatoloji xəstəlikdir. Müalicə olunmadıqda diş toxumalarının dağılmasına gətirib çıxarır. Karies immun sisteminin zəifliyi, qeyri-rasional qidalanma, vitamin və diş minasında flüor çatışmazlığı, problemli süd dişlərinin vaxtında müalicə olunmaması və s. səbəblərdən əmələ gəlir. Əgər dişlərdə isti və soyuq içkilərə qarşı həssaslıq, qida çeynəməsi zamanı müxtəlif ağrılar, ağızdan xoşagəlməz iyin gəlməsi, dişdə iri boşluğun olması və s. kimi əlamətlər varsa, dərhal həkiminizə müraciət etməkdə fayda var. Həddindən artıq şirniyyat qəbulu da kariesi yaradan əsas səbəblərdən biridir. Həkimlər şirniyyat qəbulundan sonra dişlərin təmizlənməsi üçün sərt qida (xiyar, alma və s. kimi) yeməyi məsləhət görürlər. Vaxtında müalicə olunmayan karies ciddi xəstəliklərə gətirib çıxara bilər.Ağızda bakteriyaların ən çox yayıldığı yerlərdən biri də dildir. Buna görə dil təmizliyi də diş təmizliyi qədər vacibdir. Bunun üçün diş fırçanızın arxa hissəsindən və antiseptik ağız yaxalayıcılarından istifadə edə bilərsiniz.Son vaxtlar insanlar arasında süni yolla dişlərin ağardılması dəb halına düşüb. Lakin dişlərin süni yolla ağardılması bir müddətdən sonra dişlərin mina qatını zədələyir. Bu da dişlərin tez qırılmasına gətirib çıxarır. Buna görə dişlərə qulluq uşaqlıqdan və sağlamlığa zərər vurmadan edilməlidir. Uşaqlıqdan başlayaraq düzgün ağız və diş qulluğu prinsiplərini tətbiq edərək, diş sağlamlığını qorumaq və diş çürüməsinin qarşısını almaq mümkündür. Uşaqlar üçün diş fırçasından 1 yaşdan sonra istifadə etmək məsləhət görülür. Bu vaxt fırçanın sərtliyi uşağa uyğun şəkildə seçilməlidir (daha çox yumşaq fırça seçmək şərti ilə).Bir sözlə, sağlam dişlərə sahib olmaq istəyirsinizsə, ağız qulluğuna diqqət yetirməli və mütəmadi diş müayinələrindən keçməlisiniz.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check