saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Nikolaya sədaqətli Xan Naxçıvanskinin həyatının sirli sonu

ÇapE-poçt

Xan Naxçıvanski

Böyük sərkərdə, cəsur insan, sədaqətli əsgərin həyat hekayəti

1917-ci il mart ayının 2-də Dno Dəmiryolu stansiyasında dünyanın ən nəhəng dövlətinin padşahı taxt-tacdan əl götürdüyü haqda tərtib olunmuş akta qol çəkdi. Çox qısa müddət keçəcək, 300 il hakimiyyətdə olmuş Romanovlar sülaləsinin hakimiyyətə varis hesab edilə biləcək bütün nümayəndələri məhv ediləcəkdi. Təbii ki, həmin mart günündə imperator bütün bunlardan xəbərsiz idi. O, hətta hadisələrdən o qədər bixəbər idi ki, hakimiyyətə yenidən qayıtması xahişi ilə ona göndərilən teleqramları belə oxuya bilməmişdi. Bəli, qan tökülməsinə yol verməmək və ailəsini xilas eləmək barədə düşünən II Nikolayın taxtdan əl götürdüyü barədə xəbər ildırım sürətilə bütün Rusiyaya yayılanda imperatora sadiq yüksək rütbə sahibləri ona üsyanı yatırtmaq barədə təkliflər göndərmişdilər. Bu təkliflərin arasında birinci olan məşhur bir teleqram da var. Teleqramda yazılmışdı: “Bizə böyük hadisələrin baş verdiyi haqda məlumatlar gəlib çatıb. Xahiş edirik ki, əlahəzrət süvari qvardiyasının Ona olan hədsiz sədaqətini və uğrunda ölməyi hazır olduğunu nəzərə alıb bundan imtina etməsin.
Nömrə 277 
03 mart 1917-ci il”.

Teleqramı imzalayan zabit uzun illər Rusiya imperiyasının ən ali hərbi vəzifələrində çalışmış general-adyutant Hüseyn Xan-Naxçıvanski idi. 

Naxçıvanski kimdir?

Naxçıvanski Hüseyn Xan Kalbalı xan oğlu 28 iyun 1863-cü ildə Naxçıvanda anadan olub. Kalbalı xan Naxçıvanskinin oğlu, Ehsan xan Kəngərlinin nəvəsidir. On beş yaşında Peterburqdakı Paj korpusu məktəbinə qəbul edilmiş, 1881-ci ildə oranı əla qiymətlərlə bitirərək, çarın xüsusi süvari qoşununda xidmət etmişdir. Sonralar Qafqazda və Rusiyanın müxtəlif şəhərlərində hərbi xidmətdə olan Naxçıvanskiyə 1903-cü ildə polkovnik rütbəsi verilmiş, Rusiya-Yaponiya müharibəsində qafqazlılardan təşkil olunmuş 2-ci Dağıstan süvari alayına komandirlik etmişdir. 

Tanınmış rus jurnalisti A. Kvitkanın "Zabaykalye kazak zabitinin gündəliyi" əsərində Naxçıvanskinin alayının döyüş rəşadətindən də bəhs olunur. O, 1906-cı ildə leybqvardiya alayının komandiri olmuş, 1907-ci ildə generel-mayor rütbəsinə layiq görülmüşdü. 1912-ci ildə isə Naxçıvanski artıq 1-ci Əlahiddə süvari briqadasının komandiri idi. Birinci dünya müharibəsində 1-ci və 2-ci süvari diviziyalarının komandiri olan Naxçıvanski alman cəbhəsinin yarılmasında fərqlənmişdi. Rus yazıçısı A. Soljenitsin "14 avqust" romanında yazır: "Peterburq zadəganlarının say-seçmə üzvlərindən ibarət qvardiya süvarilərinə general Hüseyn xan Naxçıvanski komandanlıq edirdi". 

Birinci Dünya Müharibəsi cəbhələrində qazandığı qələbələrə və sərkərdəlik məharətinə gorə 1916-cı ildə Naxçıvanskiyə tam süvari qoşunu generalı rütbəsi verilmişdi. Sonralar o, Cənubi Qafqaz cəbhəsinin komandanı təyin edilmiş, Fevral İnqilabından sonra hərbi işdən uzaqlaşmışdı. Müqəddəs Georgi ordeninin dörd dərəcəsi ilə, Müqəddəs Vladimir, ikinci dərəcəli Müqəddəs Aleksandr, Müqəddəs Anna, İgidliyə görə, İranın almazla bəzədilmiş 2-ci və 4-cü dərəcəli Şiri-Xurşid, zabitlərə məxsus Rumın ulduzu, Avstriyanın Dəmir xaç, Bolqarıstanın Döyüş xidmətlərinə görə ordenləri, dördüncü dərəcəli, bantlı, üstü yazılı qızıl silahla təltif olunmuşdur. 

“Şücaətli polkovnikimə...”

General-adyutant Hüseyn Naxçıvanskinin hərbi karyerası o qədər zəngin və hərtərəflidir ki, bunların hamısını sadalamaq mümkün deyil. Vəzifə pillələrində sürətlə irəliləyən Hüseyn Xan təbii ki, bütün bunları yüksək hərbi bacarığı və qabiliyyəti, hərbçi sədaqəti, zabit şərəfi ilə qazanmışdı. Hələ hərbi məktəbdə oxuduğu illərdə hamıdan seçilən Hüseyn xan məktəbi bitirən kimi Rusiyada ən elit qvardiya olan atlı alayının saray qvardiyasına qəbul edilir. Hüseyn xan birinci hərbi təltifini də bu qvardiyada alır. İran şahının Rusiyaya səfəri zamanı yüksək bacarıq göstərdiyinə görə İran şahından 4-cü dərəcəli Şiri-Xurşid ordeni alır. Ümumiyyətlə, bu alayda xidməti zamanı dəfələrlə Rumıniyadan, Avstriyadan gəlmiş nümayəndə heyətlərinin Rusiyaya səfərində onların mühafizəsinin təşkilatçısı olub. Rus-Yapon müharibəsinin başlanması ilə polkovnik Hüseyn Xan-Naxçıvanski 1904-cü il mart ayının 1-də Port Petrovski şəhərinin 2-ci Dağıstan atlı alayının təşkilinə göndərilir. Elə həmin il aprelin 17-də alay döyüşlərə yollanır. Yaponların Landunqou yaxınlığında hücumlarının qarşısını alaraq əks hücuma keçdiyinə görə Hüseyn xan Naxçıvanski rus ordusunda çox hörmətli sayılan 4-cü dərəcəli müqəddəs Georgi ordeni ilə təltif olunur. 

Ordendən əlavə təltifə şəxsən İmperatorun imzasıyla silah da daxil idi. Silahın üstündəki qızıl lövhənin üstündə yazılmışdı: “Şücaətli polkovnikim Xan Naxçıvanskiyə”. 

Təltif haqda sənəddən oxuyuruq: “1905-ci il yanvar ayının 14-də 2-ci Dağıstan atlı alayının komandiri olaraq Zabaykalye kazaklarının batareyasını atəşə tutan yaponlara sol cinahdan hücum eləyərək onları xeyli geri çəkilməyə məcbur edib. Nəticədə bütöv bir batareyanın heyəti ölümdən qurtulub”.

Məşhur soydaşımızın bu qəhrəmanlığını Rus-Yapon müharibəsinin iştirakçısı olmuş rəssam batalist Viktor Mazurovski “Xan-Naxçıvanskinin komandanlığı ilə 2-ci Dağıstan alayının Landunqou yaxınlığında yapon piyadasına və artilleriyasına qarşı hücumu” adlı əsərində əks etdirib. Müharibədən sonra Hüseyn xan rus ordusunda ən məşhur və şanlı ənənələrə malik olan 44-cü Nijqorod Draqun alayının komandiri, 1906-cı il aprel ayının 4-də isə əlahəzrət imperatorun yanında fliqel-adyutant vəzifəsinə təyin olunur. 1907-ci il iyul ayının 20-də Hüseyn xan Naxçıvanski general-mayor rütbəsi alır. 

Çarın sevimli Xanı

Naxçıvanski Rusiyanın ictimai həyatında da çox yaxından iştirak edib. O, Sankt-Peterburqda müsəlman xeyriyyə cəmiyyətinin üzvü olsa da, digər dinlərə də böyük hörmət və ehtiramla yanaşıb. Məsələn, 1907-ci ilin iyulunda o, Fridland döyüşlərində həlak olanların xatirəsinə alay kilsəsinin tikintisinə vəsait yığılmasının təşkilatçısı olub. Hüseyn xan sarayda və imperatorun yanında o qədər böyük hörmət sahibi idi ki, bu kilsənin təməlqoyma mərasimində şəxsən II Nikolayın özü iştirak eləmişdi. 

I dünya müharibəsi başlayanda qəhrəmanımız artıq general-leytenant idi. Bu müharibə onun hərbi karyerasında çox mühüm yer tutur. Səfərbərlik teleqramını alan general-leytenant Hüseyn xan Naxçıvanski tərkibində süvari qvardiyaları və diviziyaları olan korpusun komandiri kimi döyüşlərə yollanır. O dövrün rus mətbuatında və hərbi sənədlərdə xan Naxçıvanskinin qəhrəmanlıqları barədə onlarla məlumat var. Ancaq daha maraqlısını İmperator II Nikolayın gündəliyindən oxuyuruq: “1914-cü il 14 sentyabr bazar ertəsi. Ənənəvi dinləmələrdən sonra müharibədən yaralı dönmüş Xan Naxçıvanskini qəbul elədim. O, bizimlə səhər yeməyi yedi və xeyli maraqlı şeylər danışıdı”.

1914-cü il oktyabrın 13-də general-leytenant Hüseyn Xan Naxçıvanski 2-ci süvari korpusunun komandiri təyin olunur. Bu korpusun tərkibində “İmperatorun 2-ci qılıncı” adlandırılan məşhur süvari diviziyası da vardı. Yeni təyinatının ardınca getməzdən əvvəl Hüseyn xan İmperatorla yenə də görüşür. II Nikolayın gündəliyindən oxuyuruq: “19 oktyabr, bazar günü. Yenicə sağalmış Xan Naxçıvanskini qəbul elədim. O, yeni süvari korpusunu qəbul etməyə gedir”.

Komandirlik elədiyi korpusla müharibənin ən çətin və mürəkkəb döyüşlərində iştirak eləyən Hüseyn xan 1915-ci il may ayının 1-də “Qılınclı ağ qartal” ordeninə layiq görülür. Bundan 1 ay sonra isə Rusiya tarixində ilk dəfə olaraq şücaətinə görə yeganə müsəlman olaraq general-adyutant rütbəsinə layiq görülür. Hərbi əmrdə oxuyuruq: “2-ci süvari korpusunun komandiri, general-leytenant Hüseyn xan Naxçıvanski əlahəzrət imperatorun general-adyutantı təyin edilir”.

Doğrudur, Xan Naxçıvanskiyə qədər Rusiyaya dost dövlətlərin iki rəhbəri bu rütbəyə layiq görülüblər. Ancaq həm Şamxal Tarkovski, həm də Buxara Əmiri bu ali rütbəni siyasi məsələlərə görə almışdılar.

1915-ci ilin payızında imperator II Nikolay çoxdankı arzusunun həyata keçirilməsinə başlayır. O istəyirdi ki, bütün qvardiya hissələrini birləşdirib, belə demək mümkünsə, özünün şəxsi ehtiyat qüvvəsini yaratsın. 1916-cı il aprel ayının 9-da Xan Naxçıvanski imperatorun yaratdığı qvardiya süvari korpusunun komandiri təyin edilir. Bu elit korpuslara qərb və cənub qərb cəbhələrində döyüşlərə qatılan Xan Naxçıvanski yeni-yeni qəhrəmanlıqlar göstərir. 1916-cı ilin sonlarında qvardiya süvari korpusu Rovno rayonunda ehtiyat qüvvə kimi saxlanılır. İmperatorun taxt-tacdan əl üzməsi xəbəri süvarilərə və onların komandiri Hüseyn xan Naxçıvanskiyə burda çatır. 

Sədaqət teleqramı

Sonuncu dəfə imperatorla 1917-ci il yanvar ayının 28-də görüşmüş Hüseyn xan Naxçıvanski xəbəri alan kimi Ali Baş Komandanın qərargah rəisi general Alekseyevə korpusunun və özünün imperator uğrunda döyüşməyə hazır olduqları barədə məlum teleqramı göndərir. Ancaq Alekseyev bu teleqramı imperatora çatdırmır. General-leytenant Denikin xatirələrində yazır:“Çox maraqlıdır, çoxəsrlik monarxiya quruluşunun dağılması bu mühitdə və ənənədə tərbiyə olunmuş, təşkil edilmiş orduda heç bir reaksiya doğurmadı. Mənə yalnız 3 belə etiraz məlumdur. General İvanovun dəstəsinin Tsarskoye Seloya doğru hərəkət eləməsi və imperatora göndərilmiş 2 teleqram. Bu teleqramlardan birini qraf Keller, o birisini isə general-adyutant Xan Naxçıvanski göndərib. Onların hər ikisi imperatora qiyamı yatırtmağa hazır olduqlarını yazıblar”.

Bir çox məsələlərdə olduğu kimi rus tarixşünaslığında bəzi adamlar çara teleqramın Hüseyn xan Naxçıvanski tərəfindən göndərilmədiyini iddia eləyirlər. General Yepançin “3 imperatorun xidmətində” adlı memuarında yazır ki, guya Naxçıvanskinin imzasıyla İmperatora göndərilmiş məlum teleqramı ondan xəbərsiz korpusun qərargah rəisi general-mayor Vineken göndərib. Yepançin iddia edir ki, Hüseyn xan onun bu hərəkətini bəyənməyib və Vineken də otağına keçərək özünü güllə ilə vurub. Təbii ki, bu iddianın nə qədər gülünc olduğunu hərbi işdən az-çox xəbəri olanlar təsdiqləyər. Birincisi, qvardiyada həmişə yüksək nizam-intizam olduğundan qərargah rəisi heç vaxt korpus komandirinin razılığı olmadan hər hansı bir məktub və yaxud teleqram göndərməzdi. İkinci tərəfdən, əgər Vineken özbaşına şəkildə teleqram göndəribsə belə, nəyə görə ora öz imzasını yox, Hüseyn xan Naxçıvanskinin imzasını qoymuşdu? Göründüyü kimi, bu fakt elə ilkin izahdaca təkzib olunur. 

İzsiz itən qəhrəman

Ümumiyyətlə, uzun illər Hüseyn xan Naxçıvanski barədə Rusiya tarixşünaslığında bir sükut hökm sürüb. Bu cəsur həmyerlimiz haqqında ilk geniş və həqiqi məlumatı rus tədqiqatçısı professor Rudolf İvanov yazıb. Müəllif “Əlahəzrətin general-adyutantı” kitabında bir çox qaranlıq məqamların üzərinə işıq salır”.

Müvəqqəti hökumətə sədaqət andı içməkdən imtina eləyən Hüseyn xan Naxçıvanski Peterburqa qayıdır və ailəsiylə birgə sakit həyatını yaşamağa çalışır. Ancaq 1918-ci il may ayının 18-də Romanovlar nəslindən olan böyük knyazlar Pavel Aleksandroviç, Nikolay Mixayloviç, Dimitri Konstantinoviçlə birgə onu da həbs edirlər. Urutskinin, Volodarskinin güllələnməsindən və Leninin yaralanmasından sonra 1918-ci il sentyabrın 6-dan bolşeviklər bütün Rusiya boyu qırmızı terrora başlayırlar. Bununla da antiinqilabi fəaliyyətdə günahlandırılan məhbusları bolşeviklər girov elan edirlər. O illərdə çıxan “Qırmızı qəzet”də oxuyuruq: “Əgər sağ eserlər və qvardiyaçılar tərəfindən yenə də bircə nəfər sovet işçisi öldürülsə, siyahıdakı bütün girovlar güllələnəcəklər”. Siyahıda isə həyatının sonuna qədər imperatora sadiq qalan Hüseyn xan Naxçıvanskinin də adı var idi... 

Böyük knyazların hamısı 1919-cu il yanvar ayının 29-da güllələnirlər. Onların güllələnməsi haqqında sənədlər olsa da, bu sənədlərdə arasında Hüseyn xan Naxçıvanski ilə bağlı heç bir məlumat yoxdur. Tədqiqatçı Rudolf İvanov Rusiyanın arxivlərinə göndərdiyi məktublarına demək olar ki, eyni cavab alıb: “Barələrində güllələnmə hökmü çıxarılan bu şəxslərin arasında Naxçıvanskinin adı keçmir. Heç bir arxivdə böyük knyazların həbsi və güllələnməsi ilə bağlı məlumat yoxdur. Onların adları yalnız 1918-20-ci illərdə Peterburqda güllələnənlərin ümumi əlifba siyahısında var”.
Ancaq buna baxmayaraq tarixçilər general-adyutantın da knyazlarla bir yerdə güllələndiyini həqiqətə daha yaxın hesab edirlər. 

Beləcə, 34 il sərasər Rusiya imperiyasında hərbi xidmət keçmiş, şücaətinə görə 1-ci və sonuncu müsəlman olaraq general-adyutant rütbəsi qazanmış Hüseyn Xan Naxçıvanskinin sonrakı taleyi haqqında əlimizdə dəqiq məlumat yoxdur. Məhz buna görə də, Rusiyada dərc edilmiş bəzi hərbi ensiklopediyalarda yanlış olaraq Hüseyn Xan Naxçıvanskinin guya Finlandiyaya qaçdığı barədə yazırlar. Ancaq o qanlı illərdə bolşeviklərin əlindən kiminsə, ələlxüsus İmperatora sadiq qalmış Hüseyn Xanın qaçıb qurtulması ağlabatan iş deyil. Əgər hətta bolşeviklər onu özləri buraxsaydılar belə, bu haqda mütləq müvafiq qeydiyyat aparardılar. 
Ancaq ayrı-ayrı vaxtlarda Böyük knyazlar Mixail Aleksandroviçin və Dimitri Pavloviçin, Vrangelin, Denikinin, Finlandiya prezidenti Mannerheym kimi parlaq tarixi şəxsiyyətlərin komandiri olmuş bu bacarıqlı zabitin həyatı elə Rusiya tarixi üçün də şanlı bir səhifədir. O, rus ordusunun barmaqla sayılacaq qədər az generallarından idi ki, nə müvəqqəti hökuməti, nə də bolşeviklərin hakimiyyətini qəbul etmədi. Və son günlərinə qədər əqidəsinə - imperatoruna sadiq qaldı. 

Şərəfli general

Bir müddət əvvəl Rusiya ictimaiyyətinin nümayəndələri ömrünün ən gözəl illərini Rusiyanın hərbi qüdrətinin artırılması naminə mübarizəyə sərf etmiş, öz igidliyi, hünər və rəşadəti ilə Rusiyanın hərb salnaməsinə şanlı səhifələr yazmış qüdrətli sərkərdə, görkəmli hərbi xadim, Azərbaycan xalqının şanlı oğlu Hüseyn xan Naxçıvanskinin xatirəsini əbədiləşdirmək xahişi ilə Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevə məktub ünvanlayıblar. Rusiyanın bir sıra görkəmli şəxsiyyətlərin imzaladıqları məktubda deyilir: "Azərbaycanda məşhur hərbi xadimlər ailəsi kimi tanınmış şərəfli bir nəslin yetirməsi olan Hüseyn xan Naxçıvanski nəinki əvəzolunmaz bir sərkərdə, həm də rus xalqına və onun hökmdarı II Nikolaya bütün varlığı ilə bağlı olan müdrik bir şəxsiyyət idi. İmperiya hakimiyyəti dağıldıqdan sonra belə Hüseyn xan Naxçıvanski müvəqqəti hökumətə tabe olmaqdan qətiyyətlə imtina etmişdi. Hətta II Nikolay özü Hüseyn xan Naxçıvanskiyə müvəqqəti hökumətə tabe olmağı məsləhət görsə də, o, öz əqidəsindən dönməmiş, monarxiya hakimiyyətinin və onun hökmdarının yolunda ölümə belə getməyə hazır olduğunu bildirmişdi. Elə buna görə də Hüseyn Xan Naxçıvanski 1919-cu ildə bolşeviklər tərəfindən həbs olunmuş, ağır işgəncələrə məruz qaldıqdan sonra güllələnmişdir. Rus və Azərbaycan xalqlarının xatirə yaddaşında bu günədək əsl qeyrət və kişilik, hünər və sədaqət rəmzi kimi qalan Hüseyn xan Naxçıvanskinin şərəfli adı Rusiya xəritəsində əbədi yaşamalıdır".

Təbii ki, şanlı həmyerlimizin adı Rusiya tarixi ilə yanaşı Azərbaycan üçün də önəmlidir. Məşhur Naxçıvanskilər nəslinin igid oğlunun xatirəsi həm də ona görə dəyərli və qiymətlidir ki, böyük sərkərdə olmaqla yanaşı eyni zamanda cəsur insan, sədaqətli əsgər idi. Belə insanlar isə mütləq xatirələrdə yaşamalı, adları daima xatırlanmalıdır: dünənimiz, bu günümüz və gələcəyimiz üçün...

 

Mənbə ==www.Lent.az==

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check