saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Hüseyn Cavid

ÇapE-poçt

Hüseyn Cavid (təxəllüsü; əsl adı və soyadı Rasizadə Hüseyn Abdulla oğlu; 24.10.1882, Naxçıvan ş. – 5.12.1941, Rusiya, Irkutsk vilayəti) – şair, dramaturq. Ziyalı, tanınmış din xadimi Abdulla Rasizadənin ailəsində doğulmuş, ilk təhsilini Naxçıvanda mollaxanada, sonra isə M.T. Sidqinin "Tərbiyə" adlı yeni üsullu məktəbində almışdır (1894–98). Klassik üslubda ilk şeirlərini də "Gülçin" və "Salik" imzaları ilə burada yazmışdır. 1899–1903-cü illərdə Cənubi Azərbaycanda olmuş, Təbrizin Talibiyyə mədrəsəsində təhsilini davam etdirmişdir. Istanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmiş (1909), Naxçıvanda, sonra Gəncədə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir. Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, Azərbaycan romantizminin banilərindən, çağdaş Azərbaycan ədəbiyyatının yaradıcılarından biri olmuşdur.

Cavid sənəti bədii növ, janr və forma cəhətdən zəngindir. O, lirik şeirlərin, lirik-epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. "Keçmiş günlər" adlı ilk şeir kitabı 1913-cü ildə çap olunmuşdur. Yaradıcılığının ilk dövrlərində ictimai-siyasi lirikaya daha çox diqqət vermişdir. "Öksüz Ənvər", "Çoban türküsü", "Kiçik sərsəri", "Dün və bugün", "Qadın", "Görmədim", "Vərəmli qız" və s. şeirlərində sosial ədalətsizliyin hökm sürdüyü cəmiyyətdə əməkçi insanların faciəli həyatı təsvir edilir. "Məsud və Şəfiqə" şeirində Bakı neft mədənlərində çalışan fəhlələrin dözülməz vəziyyəti, sahibkarların tüfeyli, firavan həyatı ilə qarşılaşdırılır. "Sən nəsin, kimsin deyən ariflərə" (1912) poemasında şair insanlara işıqlı həyat, azad gələcək yolu arayırdı. "Məzlumlar üçün" (1914), "Qürubə qarşı", "Hərb və fəlakət" (1916), "Hərb ilahı qarşısında" (1917) şeirlərində imperialist müharibələrinə nifrət öz əksini tapmışdır.

Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı manerası, forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, "Cavid teatrı" kimi səciyyələndirilmişdir. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapmışdır. Mənzum "Ana" (1910) pyesində nəciblik, sədaqət, mərdlik kimi keyfiyyətlərin yalnız sadə insanlarda olduğu göstərilir. "Maral" (1912) faciəsində şəxsiyyət və qadın azadlığı məsələsi qaldırılır, ailə münasibətlərində mürtəce əxlaqi görüşlər tənqid edilir. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Şeyx Sənan" (1914) əsərində xalqları bir-birindən ayıran dini və milli təəssübkeşlik əleyhinə üsyankar etiraz ruhu hakimdir. Cavid bu dövrdə tədriclə, "Haqq verilmir, alınır" ideyasına gəlib çıxmışdır. Həmin ideya "Şeyda" (1917) dramında, "Haqqını sən mübarizə ilə ala bilərsən" (1918) poemasında daha bariz ifadəsini tapmışdır. "Şeyda"da Cavid yalnız ideya və mənəviyyatlardakı ziddiyyəti deyil, real sosial ziddiyyətləri də göstərir, "füqərayi-kasibə"ni, "qabarlı əllər"i istismarçılarla mübarizəyə çağırırdı. Yaradıcılığında mühüm yer tutan "Iblis" (1918) faciəsində dövrün bütün mürtəce qüvvələri – "insan insana qurddur" fəlsəfəsinin tərəfdarları, "iyirminci əsrin mədəni vəhşiləri" olan imperialist dairələri Iblis surətində ümumiləşdirilmiş, işğalçı müharibələrə lənət yağdırılmışdır. Mürtəce qüvvələrlə azadlıq, bərabərlik, sülh, beynəlmiləlçilik, maarif və mədəniyyət dostlarının toqquşması Cavidin 1920-ci ilədək yazdığı əsərlərin başlıca konflikti idi. Bu əsərlərin bədii qayəsini bəşəriyyətin fəlakətinə ədalətsiz, istismarçı ictimai quruluşların səbəb olması fikri təşkil edir. Estetik ideyalarına sadiq qalan Cavid bununla yanaşı, ötən əsrin 20–30-cu illərində dövrün tələbləri ilə səsləşən bir sıra əsərlər yaratmışdır. "Azər" dastanı (1920–37) bu əsərlər arasında xüsusi yer tutur. 1926-cı ildə müalicə üçün Almaniyaya gedən və bir müddət Berlində yaşayan Cavid vətənə Qərb dünyasının sosial-mənəvi ziddiyyətlərini əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şeirlərlə qayıtdı. "Nil yavrusu" əsərində Cavid müstəmləkə zülmünü qəzəb və nifrətlə damğalayırdı. Bu dövrdə Cavid bir sıra tarixi dramlar yazmışdır. "Peyğəmbər" (1922), "Topal Teymur" (1925), "Səyavuş" (1933), "Xəyyam" (1935) tarixi dramları Cavidin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş idi. Cavidin yaradıcılığında türkçülük və turançılıq ideyalarının təbliği öz əksini tapmışdır. Türkçülük ən çox onun “Xəyyam”, “Topal Teymur” və “Səyavuş” faciələrində qabarıq verilmişdir. Şair bu əsərlərində istibdada qarşı üsyan edən kütləni, üsyan başçılarını və Xəyyam kimi azadfikirli bir mütəfəkkiri baş qəhrəman seçmişdir. Faşizm və Ikinci dünya müharibəsi təhlükəsinin artması Cavidi narahat edən problemlər idi ("Iblisin intiqamı" dramı, 1936). Cənubi Azərbaycandakı azərbaycanlıların "şahənşahlıq" üsuli-idarəsinin əsarəti altında əzab çəkməsi, ən adi insan hüquqlarından məhrum edilməsi də vətənpərvər şair kimi Cavidi düşündürürdü ("Telli saz" dramı, 1930; "Kor neyzən" poeması, 1930). Cavidin fəlsəfi, siyasi-ictimai görüşləri "ümumi məhəbbət" ideyasından yüksək humanizmə qədər böyük bir inkişaf yolu keçmişdir. Poeziyası yüksək bədii sənətkarlığı, dərin emosionallığı, səmimiyyəti ilə seçilir.
Anadan olmasının 100, 110, 120 və 125 illik yubileyləri geniş qeyd olunmuşdur. Naxçıvanda və
Bakıda ev-muzeyləri yaradılmış, Bakıda, vaxtilə yaşadığı binaya (indiki Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar Institutunun binası) barelyef-təsviri olan xatirə lövhəsi vurulmuşdur. 100 illik yubileyi ərəfəsində cənazəsi Irkutsk vilayətindən Naxçıvana gətirilib, buradakı ev-muzeyinin yaxınlığında dəfn edilmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə qəbri üzərində möhtəşəm məqbərə tikilmişdir (1996). Adına Bakıda, Naxçıvanda və respublikanın digər şəhər və rayonlarında küçə, bağ, məktəb, kitabxana, kino-teatr və s. mədəni maarif müəssisələri var. Bakıda əzəmətli abidəsi ucaldılmışdır.


 

 

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check