saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Günəş şüaları

ÇapE-poçt

Günəş şüaları



Dərinin piqmentasiya prosesini tezləşdirmək faydasızdır. Çünki orqanizm ifraz edə biləcək qədər melonin əmələ gətirəcək. İfrat dərəcədə günəş şüalanması isə dərinin yanmasına səbəb olur.

Ultrabənövşəyi şüalar kollagen və elastendən ibarət olan dəri karkasını dağıda bilər.
Nəticədə, dəri öz elastikliyini və möhkəmliyini itirir. Həddən artıq günəş vannası qəbul etmək piqment ləkələrinin əmələ gəlməsinə, dəri xərçəngi, katarakta və s. kimi xəstəliklərin yaranmasına səbəb olur. Qeyd etmək lazımdır ki, ultrabənövşəyi şüalanma orqanizmdə toplana və illər keçdikdən sonra öz fəsadlarını üzə çıxara bilər. Günəş vannasını, tədricən, qəbul etmək lazımdır. Gündə 10-15 dəqiqdən başlayaraq, bu vaxtı 5 dəqiqəyə qədər artırmaq olar. Dermatoloq alimlər hesab edirlər ki, dərinin növündən asılı olaraq, hər insan doğulduğu vaxtdan müəyyən günəş şüalarını qəbuletmə normasına malikdir. Bu normanı keçmək insan orqanizminə mənfi təsir göstərir. Günəş vannalarının kifayət edib-etmədiyini yoxlamaq üçün sadə test mövcuddur: çimərlikdə olduğun vaxt barmaqlarınla bədəninin istənilən hissəsinə toxun. Əgər toxunulan yerdə ağ ləkə qalırsa, onda kölgəyə getmək vaxtıdır.
Günqoruyucu kremlərdən istifadə etdikdə, çimərlikdə daha çox vaxt keçirə bilərsən. Qaralmaq üçün qidalandırıcı, xüsusilə də tərkibində hormon olan kremlərdən istifadə etmək olmaz. Eyni zamanda, günəş vannası qəbul etməmişdən əvvəl bədənini sabunla yuma. Sabun dəridə yaranan turşu qatını məhv edir və piy yaxmasının əmələ gəlməsinə mane olur. Bu da öz növbəsində, yanma təhlükəsini artırır.
Bərk yanmadan qaçmaq üçün günorta günəşin altında uzanma. Qaralmaq üçün ən münasib vaxt 9:00 - 11:00, 16:00 - 18:00 saatlarıdır. Yaşlı insanlara, hamilə qadınlara və uşaqlara kölgədə oturmaq məsləhət görülür. Günəş onlar üçün xüsusilə təhlükəlidir. Mütləq başınızı bağlayın.
Acqarına və ya qida qəbul etdikdən dərhal sonra günəş vannası qəbul etmək olmaz.
Günəş altında qaraldıqdan dərhal sonra, su prosedurlarına keçmək məsləhət deyil, əvvəlcə kölgədə dincəlmək lazımdır. Dənizdə çimən vaxt ultrabənövşəyi şüaların təsiri davam edir. Onlar suyun 1 metr dərinliyinə kimi daxil ola bilir. Suyun üzərində qalan çılpaq bədən quruda olduğundan, daha çox şüalanmaya məruz qalır. Belə ki, suyun günəş şüalarını müəyyən qədər əks etdirmək qabiliyyəti var.
Həmçinin, hansı dərman qəbul edib-etmədiyini də yadda saxlamaq lazımdır. Məsələn, mədə xorası zamanı qəbul edilən bəzi dərmanlar dərinin ultrabənövşəyi şüalarına qarşı həssaslığı artırır, yəni dəri tez yana bilər. Bu cür maddələr dezodorant, antibakterial sabun və s.-dir.
"Çimərlik kosmetikası" vasitələrini iki böyük hissəyə ayırmaq olar: birincisi, günə çıxmamışdan əvvəl, ikincisi isə günəş vannaları qəbul etdikdən sonra istifadə olunan vasitələrdir. Kosmetik vasitələr arasındakı fərq prinsipialdır; belə ki, həmin vasitələrdə yanmanın qarşısını alan filtrlər vardır. Qaralmadansonrakı mərhələ üçün nəzərdə tutulan kremlər isə günəş şüaları təsirinin qarşısını almır, sadəcə, dərini yumşaldır və nəmləndirir. Qaralma üçün krem seçərkən orqanizmin fərdiliyinə fikir vermək lazımdır. Sirr deyil ki, qaralma təkcə əla istirahətə gözəl əlavə deyil, eyni zamanda, sağlam dərini müəyyənləşdirən elementdir. Çünki tezqaralan dəri sağlam dəridir. Məhz bu yolla melaninin yaranmasına kömək edən melansit adlı hüceyrələr yanmaya qarşı müqavimət göstərir və orqanizmlə günəş arasında özünəməxsus "əngəl" yaradır. İnsanlarda ifraz olunan melaninin miqdarı müxtəlifdir. Ona görə də "əngəl" böyük və ya kiçik ola bilər.

"Gündə olmaq xeyirlidir"
kimi genişyayılmış fikirlər ortasəviyyəli (10 dəqiqə) ultrabənövşəyi şüaların qəbulundan söhbət gedir. Lakin istirahət vaxtı bu müddət bizim üçün qəddar ironiya kimi görünür. Bax, bu zaman çimərlik kosmetikasını işə salmaq zərurəti yaranır. Qaralma üçün hər bir krem günəşdən qoruyucu SPF faktoru ilə zəngindir. Dərinin qorunması faktorun güclülüyündən asılıdır. Etiket üzərində olan SPF sayı (adətən, 2-40) ilə yanma risqi olmadan günəşdəqalma müddəti müəyyən olunur. Qoruma dərəcəsi ilə tanış olduqdan sonra kremin tərkibi və prinsipi ilə tanış ol. Bütün bunlardan əlavə, UVA şüalarından qorunma da təklif olunarsa, onda bundan yaxşı qoruyucu kremdən fikirləşməyə dəyməz. Bu o deməkdir ki, istehsalçılar bizi nəinki dərimizin yanmasından xilas edirlər, eyni zamanda, zərərli şüaların orqanizmin dərinliyinə daxil olmaması üçün güclü filtr yaradıblar. İş orasındadır ki, ultrabənövşəyi şüalar iki cür olur: A və B (UVA və UVB). B tipli şüalar melaninlə əlaqəyə girəndə gözəl piqmentasiya yaradır, yəni uzun vaxt gözlədiyin qaralmaya nail olursan. Lakin A seriyalı şüa dərini qocaldır, qırışların və xərçəng xəstəliyinin yaranmasına səbəb olur. Həmçinin, seçdiyin kremin tərkibində vitamin E-nin olması yaxşıdır. Bu vitamin dərinin ultrabənövşəyi şüalara qarşı həssaslığını zəiflədir.

Nə üçün hamilə qadınlar gündən gizlənməlidirlər?
Hamilə qadınlar üçün gündə dincəlmə vaxtlarını sağlam şəkildə keçirmək demək deyil. Birincisi, hamiləlik dövründə günün təsiri nəticəsində harmonların konsentrasiyası çoxaldığı zaman, xüsusilə də estrogenin, qadının üzündə "hamiləlik maskası", yəni alın və burunda tünd ləkələr əmələ gəlir. Bəzi hallarda bu ləkələr doğuşdan sonra yox olur, bəzi hallarda isə həmişəlik qalır. İkincisi, insolyasiya daxili orqanların qızmasına səbəb ola bilər. Bu da öz növbəsində dölün hərarətinin artmasına gətirib çıxarır. Əgər döl uzun müddət yüksək hərarət altında olursa, bu beynin zədələnməsinə səbəb ola bilər. Üçüncüsü, bəzi tədqiqatçılar ultrobənövşəyi şüalar ilə sinir sistemi arasında əlaqə görürlər. Yəni şüalanma uşaqların onurğa sütununa təsir göstərir. Bu da körpənin digər qüsurlarla dünyaya gəlməsinə xidmət edir.
Bəs solyari olar? Adətən qaralmağı xoşlayan insanlar süni qaralmaya da üstünlük verirlər. Bu cür qurğular yeni yaranıb deyə, mütəxəssilərin elmi tədqiqat obyekti olmayıb. Hamilə qadınlar həkimə müraciət edib süni qaralmadan istifadə etmək olar, yoxsa olmaz sualını verdikdə, onlar adətən "hımg" cavabı verirlər. Son nəticədə həkimlər qadınlara solyaridən istifadə etməməyi tövsiyə görürlər. Buna baxmayaraq, süni qaralma zamanı yanma risqi aşağı düşür, lakin digər problemlər qalır.
Bəs nə etməli? Demək olar ki, hər bir qadın hamilə olub-olmamağından asılı olmayaraq gün işığı ilə qidalanmaq arzusuna düşür. Odur ki, sən:
-isti iqlim şəraitində yaşayırsansa;
-müəyyən səbəblərdən gününü açıq səmada keçirməlisənsə;
-gələcək körpənin sağlamlığına məhəl qoymadan qaralmağı xoşlayırsansa, onda aşağıdakıları nəzərə alıb ehtiyat tədbirlərini görməyi unutma:

Dərinin hansı tipə aid olduğunu müəyyən et

Günəşin təsiri nəticəsində dəridə vitamin D-nin ifrazı müntəzəmləşir, nəticədə dəri yana bilər.
Kifayət qədər maye, yaxşı olar ki, su qəbul edəsən. Güclü susuzluq hiss etməmişdən əvvəl suyu iç. Susuzluq hissinin əmələ gəlməsi orqanizmin suyunun çəkilməsinə işarədir. Suyun çəkilməsi qan dövranı həcminə təsir göstərir, bu da qanda oksitasinin (hormonun) qatılaşmasına səbəb olur, nəticədə uşaqlığın yığılmasına və körpənin vaxtından qabaq dünyaya gəlməsinə gətirib çıxarır.
Yeri gəlmişkən, hamilə qadınların suyun çəkilməsi əlamətlərini bilmələri pis olmazdı. Əgər bu baş verərsə, dərhal həkimə müraciət et.
Suçəkilmə əlamətləri:
-qeyri-müəyyənlik, fikirlərin qarışıqlığı;
-ürəkbulanma, başağrıları;
-əzələ qıc olması;
-bədən hərarətinin yüksəkliyi.
Hamiləliyin son üç ayında qadınlara gündə olmamaq məsləhət görülür. Günqoruyucu kremlərdən istifadə et və günəş təsirini minimuma sal. Lakin bu kremlərin istifadəsi dərinin vitamin D ifarzına mane olur, belə ki, bu vasitələrin həddən çox istifadəsindən qaç.


4
Dəri növü

1 Çox ağ dəri, demək olar, qaralmır, tez yanır. Bu növə uşaq dərisi də aiddir. Yüksək SPF-yə (25-40) malik qaralma üçün kremlərdən, eyni zamanda, vitamin və bitki ekstraktları ilə zəngin olan çox həssas dəri üçün nəzərdə tutulmuş kremlərdən istifadə etmək məsləhət görülür.

2 Çox həssas, lakin asanlıqla qarala bilən dəri. Bu növ dəriyə ortasəviyyəli qorumaya (25-35) malik olan qaralma üçün kremlər və nəmləndirici formulalı qaralmadan sonra nəzərdə tutulan kremlər uyğun gəlir.

3 Orta həssas, tez qarala bilən və yanmaya meyli olan dəri. Bu dəriyə 25-30 vahidli qaralma üçün krem, qidalandırıcı qaralmadan sonraya nəzərdə tutulan kremlər, maskalar və qaralmanı davamlı etmək üçün bitki yağı uyğun gəlir.

4Tezqaralan və nadir hallarda yanan dəri. Bu növ dərili insanlara aşağısəviyyəli qoruyucuya malik olan qaralma üçün kremlər (5-15), dəri qocalmasını dayandıran qaralmadan sonrakı kremlər nəzərdə tutulub.

 

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check